Ucuz və davamlı plastiklər avtomobildən tutmuş qida və tekstilə qədər bir çox sahədə istifadə olunur. Lakin bu faydalar, plastiklərin ətraf mühitə vurduğu zərəri görməməzlikdən gəlməyimizə mane olmur. Sizcə, getdikcə qlobal problemə çevrilən plastik tullantılar təkrar emala yararlıdırmı? Əgər belədirsə, məyus olmağa hazır olun! Təkrar emal haqqında öyrənməli olduğunuz təəccüblü detalları Onedio.com saytına istinadən sizin üçün yazdıq.
Bu plastiklər nədir? Gəlin onun tarixinə nəzər salaq.
İlk dəfə 1869-cu ildə istehsal olunan polimer plastik, çıxarılan neft məhsullarından biridir. Neft ehtiyatlarının 4%-i plastik məmulatların istehsalında istifadə olunur. Plastika isə bir çox materialların istehsalında tapılır. Bəs niyə bu qədər plastikdən istifadə edirik? Cavab olduqca sadədir: aşağı qiymət, davamlılıq və sürətli istehsal. Keçmişdən bu günə qədər həyatımızın hər yerində yer alan plastikdən istifadə ətraf mühitə getdikcə daha çox ziyan vurmağa başlayıb. Çünki, plastiklər təbiətdə illərlə həll olunmamış qalır. Bu, istər-istəməz dünyamızın plastiklə dolu zibilliyə çevrilməsinə səbəb olur.
Təbiətdə plastik öz-özünə yox ola bilərlər?
Onun öz-özünə yox olmasını gözləmək uzun illər tələb edir. Çünki, təbiətdə plastiki parçalaya bilən canlılar çox azdır. Məsələn, plastik bir pet şüşənin təbiətdə yox olması üçün 450 il lazımdır. Plastik torba (sellofan) isə 1000 ilə ancaq yox ola bilər. Bu yavaş dövr həm də plastik tullantıların yığılmasına səbəb olur. Onlar həll olunanda isə fərqli problemlər yaranır. Plastiklər əridikdə mikroplastik kimi təbiətə daxil olurlar. Bunlar öz növbəsində hava, su və qida ilə qarışaraq sağlamlığımızı risk altına qoyur.
Bəs, təbiətdə parçalana bilməyən bu plastiklərin canlılara nə kimi zərəri var?
Plastiklərin zərərləri olduqca müxtəlif ola bilər. Tullantı halına gəldikdə xarici mühitə buraxdıqları BPA və dietilheksil ftalat kimi bəzi maddələr xərçəngə səbəb ola bilər. Eyni zamanda plastiklərin uzun illər təbiətdə əriməməsi ekosistemdə yaşayan heyvanlara ziyan vurur. Xüsusilə dənizdəki tısbağalar plastik torbaları meduza ilə səhv salıb onları yeyə bilər ki, bu da onların ölümünə səbəb olur. Bundan əlavə, yoxa çıxması 200 il çəkən plastik torbalara tısbağaların burnunda rast gəlmək mümkündür. Bu, nəyinki onların həyat keyfiyyətini aşağı salır, həm də həyatlarını riskə atır. Plastikin zərərləri bununla bitmir. Dənizlərdə və okeanlarda plastik tullantı adaları əmələ gəlib. Yalnız dənizlər deyil, inkişaf etməmiş ölkələrin, o cümlədən ölkəmizin torpaqları plastik zibillərlə doludur. Bu zibil yığınları əriməyə başlayanda əvvəlcə təbiətlə, sonra isə insan orqanizmi ilə qarışaraq mikroplastikaya çevrilərək həyat keyfiyyətini aşağı salır.
Yoxsa bizi aldadırlar?
İnsanlar plastik tullantıların zərərini dərk etdikcə onlardan istifadə də bir o qədər azalmağa başladı. Bu vəziyyət plastik istehsalçıları narahat edirdi. Beləliklə, ortaya hamının inandığı böyük bir yalan atdılar: təkrar emal. Bu yalanı hətta Plastik Sənayesi Assosiasiyasının vitse-prezidenti Larri Tomas da dilə gətirdi və o, “Əgər camaat təkrar emalın faydalı olduğunu düşünürsə, o zaman ətraf mühitə görə çox narahat olmayacaqlar.” dedi! Təkrar emala YALAN deyirik, çünki, istehsal olunan milyardlarla plastikin 91%-i heç vaxt təkrar emal olunmayıb.
Plastiklərin üzərindəki işarələr təkrar emalı bildirmir.
“Əgər bir çox plastik təkrar emal edilə bilmirsə, qablaşdırmadakı işarələr nə deməkdir?” – deyə soruşa bilərsiniz. Bu çap edilmiş simvollar insanları çaşdırmaq üçün nəzərdə tutulmuşdu və onların istifadəsi məcburi hala salınmışdı. Təkrar emal simvolunun üç oxunun bir qədər dəyişdirilmiş və ortasında rəqəmlərin olduğu bu işarələr əslində plastikin istehsal olunduğu materialı göstərir. İnsanların qavrayışları ilə oynayan və onları çaşdıran bu sistem plastik istehsalının ziyana getməsinin qarşısını alır.
Bəs təkrar emal edilə bilən plastiklər var?
Əlbəttə ki, təkrar emal edilə bilən plastiklər var. Lakin, istehsal olunan plastikin miqdarı ilə müqayisədə bu nisbət kifayət qədər aşağıdır. İstehsal olunan bir çox plastiki birdəfəlikdir və onların yalnız 1%-i təkrar emala yararlıdır. Həmçinin bütün plastiklərin ən azı 8-9%-nin təkrar emal oluna biləcəyi təxmin edilir. Faktlar tamamilə fərqlidir. Təkrar emal edilmiş plastiklər 2% ilə məhdudlaşır.
Dünyamızı plastikdən necə qoruya bilərik?
Günümüzdə “Al, istifadə et və at” şəklində böyüyən sistem, plastik istifadəsində böyük artım yaratmışdır. Bu, ekosistemin dağılmasını sürətləndirir. Bəs, təbiətə faydalı olmaq üçün nə edə bilərik? Ediləcək ən yaxşı şeylərdən biri ümumiyyətlə plastika məhsullardan istifadə etməməkdir. Bu mümkün deyilsə, plastik məhsulu təkrar istifadə etməyə diqqət yetirərək daha az plastik istehlak edə bilərsiniz. Bundan əlavə, öz ehtiyat tədbirlərimizi gördüyümüz və mümkün qədər plastikdən qaçdığımız üçün onu istehsal edənlərə də uyğun reaksiya verməliyik. Beləliklə, ekosistemin qorunmasına kömək etməklə biz daha yaşana bilən bir dünya yarada bilərik.